Marketinq nədir? Adamları aldadıb mal satmaqmı?

Vəli Əlibəyov: “İnsanlar ancaq tələbatlarını ödəyən məhsulları alarsa, dünya iqtisadiyyatı 3 aya çökər”

“Marketinq azad ruhlu insanların işidir, lakin, bu gün marketinq barədə belə bir yanlış təsəvvür formalaşmaqdadır ki, məhsul və ya xidməti satmaq üçün alıcının başına hər bir oyun açmaq olar”.

Bu sözləri Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov ölkənin marketinq sahəsinin vəziyyətini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

21-ci əsrdə dünyanın ən gəlirli sahələrdən biri marketinq sahəsi hesab olunur. Eyni zamanda dünyada ən mürəkkəb peşələrdən biri də marketoloqdur. Araşdırmalara görə, önümüzdəki illərdə iqtisadiyönümlü peşələrə tələbat yüksək səviyyədə qalacaq. Bu sahə Azərbaycanın  əmək bazarında yeni olsa da,  inkişaf sürəti ildən-ilə artır. Hər bir peşənin özünəməxsus qaydaları olduğunu kimi, bu amil marketinq işinə də aiddir.

Ümumən marketinqin idarəedilməsi əsaslarını formalaşdıran bir neçə marketinq konsepsiyası vardır ki, bu konsepsiyalardan hər biri marketinq menecerinə öz işini daha yaxşı icra etməyə və işlədiyi şirkət üçün daha yaxşı gələcək qurmağa kömək edir.  İndiki şəraitdə isə Azərbaycanın marketinq bazarını Türkiyə, ABŞ və Avropa ölkələrinin marketinq bazarı ilə müqayisə etmək bir qədər çətindir.

Azərbaycanın əmək bazarında yeni dirçəlməyə başlayan bu sahə ilə yanaşı,  Azərbaycanda marketoloqların fəaliyyəti ilə bağlı PİA.AZ-ın əməkdaşı “Alibayov Kommunikasiya və Konsaltinq” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti, Azərbaycan PR Assosiasiyasının İdarə Heyətinin üzvü Vəli Əlibəyovdan müsahibə alıb.

PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

– Vəli bəy, marketing Azərbaycan üçün yeni bir fəaliyyət sahəsi hesab olunur. Əksər insanlar bu sahədən xəbərsiz və məlumatsızdırlar. Marketinq nədir və hansı sahələri əhatə edir?

– Marketinq sözü ingilis dilində “bazarda fəaliyyət” anlamını verir. Müasir zamanda marketinq adı altında istehsal edilmiş məhsul və xidmətlərin alıcıya satmağa yönələn hərəkət və proseslərin məcmusu nəzərdə tutulur. Marketoloqun vəzifəsi  alıcıların tələbatlarını öyrənib, onları ödəməkdən ibarətdir. Bu, klassik yanaşmadır. Son 50-60 ildə isə marketoloqlar həmçinin alıcılarda tələbatların yaradıması ilə də məşğul olmağa başlayıblar. Tələbatları öyrənib, onlara uyğun məhsul və ya xidmət təklif etməklə yanaşı, marketoloqlar istehsal edilmiş məhsul və xidmətə alıcıda tələbat yaradırlar. Bəzi iqtisadçılara görə, əgər insanlar ancaq tələbatlarını  ödəyən məhsulları alarsa, dünya iqtisadiyyatı 3 aya çökər. Son 1 ay ərzində  etdiyimiz alış-verişi təhlil etsək görərik, həqiqətən də birbaşa tələbatlarımızın ödəməsinə aid olmayan nə qədər məhsul və xidmətə pul xərcləmişik. Bunun üçün biz marketoloqlara “təşəkkür” etməliyik.

Vəli Əlibəyov: “Özünə hörmət edən hər bir şirkətin marketinq şöbəsi olmasa da, marketoloqu var”.

– Marketinq mütəxəssisi olmaq üçün hansı amillər vacibdir? Hesab etmək olarmı ki, bu sahə gənclərin marağında olan sahələrdən biridir?

– İlk olaraq, əlbəttə ki, bu sahə üzrə təhsil vacib şərtlərdən biridir. Lakin təhsilsiz də satış sahəsində xeyli uğur qazanmış insanlara rast gəlmək olur. Bunlar daha çox istisnalardır, hətta deyərdim ki, bu bir vergidir. Belə vergisi olmayanlara təhsil almaq vacibdir. Amma, o da həqiqətdir ki, marketinq sahəsi üzrə diplomu olan hər kəs uğurlu satıcı olmaya bilər. Yəni, yaxşı marketoloq üçün təhsil də, vergi də çox vacibdir.

Marketoloqun eyni zamanda psixologiyadan xəbəri olmalıdır. O bilməlidir ki, insanları alışa sövq edən psixoloji amillər hansılardır, alış barədə qərarlar adətən hansı şəraitdə qəbul edilir, alış barədə qərarı ailədə daha çox kim verir və s. Və ya alıcı marketə girərkən daha çox diqqətini hansı zonalara yönəldir, hansı rəngdə olan məhsullar onun diqqətini daha çox cəlb edir və s. Bütün bu və sadalamadığım başqa incəliklər satışı həyata keçirməyə şərait yaradır. Yaxşı marketoloq həmçinin yaxşı əmtəəşünas olmalıdır, kommunikasiya qurmağı bacarmalıdır. Marketoloq müşahidə etməyi bacarmalı, yaradıcı şəxs olmalıdır, onun düşüncələri azad olmalıdır. Bir çox hallarda uğurlu, kreativ marketinq gedişləri adət etdiyimiz yanaşma tərzindən uzaq olur. Buna görə də marketinq sahəsi bu gün gənclər arasında rəğbətlə qarşılanır. Çünki marketinq gənclərə özlərini sınamağa və özlərini təsdiq etməyə şərait yaradır.

– İndiki durumda ölkə iqtisadiyyatında marketinqin rəqabət qabiliyyətini artırdığını hesab etmək olar?

– Əvvəlki dövrlərlə müqayisə etsək, sözsüz ki, hər bir sahədə olduğu kimi, marketinqin də ciddi inkişaf etdiyini görə bilərik. Marketinq xidmətləri təklif edən şirkətlər yaradılır, onlar öz işlərini müxtəlif forumlarda təqdim edirlər. Şirkətlərin marketinq bölmələri uğurlu layihələr təqdim edərək qarşılaşdıqları problemləri bu yolla çözürlər. Bütün bunlarla yanaşı, o da qeyd olunmalıdır ki, marketinq sahəsi hələ tam professional səviyyəyə çatmayıb. Bu gün marketinq sahəsində nəticəyə çatmaq üçün hər bir vasitədən istifadə edən və onları dəstəkləyənlərin sayı çoxdur. Marketinq azad ruhlu insanların işidir, lakin, bu gün marketinq barədə yanlış təsəvvür formalaşmaqdadır ki, məhsul və ya xidməti satmaq üçün alıcının başına hər bir oyun açmaq olar. Bu, kökündən səhv yanaşmadır. Hər bir biznesin əsasında mənəvi amillər durur. Pul qazanmaq üçün cəmiyyətdəki dəyərlərə zərər vermək doğru deyil.

– Maliyyə savadlılığı və əmək bazarı nöqteyi-nəzərindən marketinq alətləri bu günkü şirkətləri cəlb edə bilirmi?

– Bazar münasibətləri dərinləşdikcə, qanunvericilik bu istiqamətdə inkişaf etdikcə, biznes nümayəndələrinin yeni, bu şəraitə uyğun alətlərdən istifadə etməkdən başqa yolları qalmır. Əgər 15-20 il əvvəl biznes rəhbəri şirkətində marketinq və ya ictimaiyyətlə əlaqələr şöbələrinin olmamasını “buranın marketinqi də, PR-ı da özüməm” deyərək əsaslandırırdısa, bu gün belə hallara rast gəlmək çətindir. Özünə hörmət edən hər bir şirkətin marketinq şöbəsi olmasa da, marketoloqu var. Və ya bu xidmətləri göstərən şirkətlərlə müqavilələri mövcuddur. Müasir texnologiyalardan uzaq duranların bugünkü amansız rəqabətə davam gətirməsi mümkünsüzdür. Bu nöqteyi-nəzərdən demək olar ki, bazarın acı həqiqətləri biznes sahiblərinə marketinqi qəbul etməyə vadar edir. Məşhur deyimi dəyişib deyə bilərik ki, “Alıcının ürəyinə yol marketinq alətlərindən keçir”.

Vəli Əlibəyov: “Azərbaycanda mütəxəssislərin professional səviyyəsinə diqqət yetirən azdır”.

– Azərbaycanda PR peşəsinin inkişafı və ölkənin reklam bazarının panoraması barədə nə deyə bilərsiniz? Azərbaycanda marketinq və reklamçılığın əsas problemləri nədən ibarətdir və bu problemlərin obyektiv və subyektiv tərəfləri barədə nə deyə bilərsiniz?

– Marketinqdən fərqli olaraq, PR barədə optimistcəsinə danışmaq bir qədər çətindir. Əlbəttə, bu gün cəmiyyətimizdə PR sözü daha çox tanınır, dövlət qurumları, böyük şirkətlərdə ictimaiyyətlə əlaqələr bölmələri, hətta idarələri mövcuddur. Lakin məsələni bir az araşdırarkən görürük ki, əksər hallarda ictimaiyyətlə əlaqələr adı altında fəaliyyət göstərən bu şöbələrin əsas fəaliyyəti KİV-lə əlaqələrdən uzağa getmir.

Biznes sahibi üçün PR-çı press-reliz yazıb, onu KİV-ə paylayan və KİV-lərdə şirkət barədə neqativ yazıların qarşısını alan bir şəxsdir. Belə yanaşmanın formalaşmasının obyektiv və subyektiv səbəbləri mövcuddur.

Obyektiv səbəblərə gəldikdə, ən böyük problemimiz bu günə qədər Azərbaycanda hələ də ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssislər hazırlayan ali məktəblərin olmamasıdır. Başqa bir səbəb isə ictimaiyyətlə əlaqələr sahəsində çalışan əksər şəxslərin öz üzərində işləyib inkişaf etmək istəməməsidir. Onlar üçün hətta PR şöbəsinə rəhbərlik edərək mətbuat xidməti vəzifələrini həyata keçirmək daha əlverişlidir.

Baxmayaraq ki, PR-çı rəhbərliyi PR-ın imkanları barədə maarifləndirməli, şirkətin və ya qurumun qarşılaşdığı problemlərin həllində PR alətlərindən istifadə yollarını göstərməlidir. Əksər hallarda şirkət sahibinin PR-a etinasız münasibətinin kökündə PR mütəxəssisinin öz işinə etinasız münasibəti böyük rol oynayır. Lakin mənfiləri deməklə yanaşı, müsbətləri də qeyd etmək lazımdır.

Bu gün Azərbaycanda PR sahəsini gözəl bilən, özü üzərində çalışaraq şirkətlərinə xeyir verən mütəxəssislər də mövcuddur. Bu sahənin inkişafına dəstək olmaq üçün PR mütəxəssislər APRA adlı (Azərbaycan PR Assosiasiyası) qurum da yaradıblar. Əminəm ki, dövlət qeydiyyatına alınandan sonra qurumun müsbət təsirinin şahidi olacağıq.

Reklam sahəsinə gəldikdə isə, burada vəziyyət bir az fərqlidir. İlk baxışdan, bu sahənin sürətlə inkişaf etdiyini demək olar. Bazarda reklam xidmətləri göstərən bir çox ciddi oyunçular mövcuddur. Digər tərəfdən, bazarın təhlili onu deməyə əsas verir ki, reklam sahəsi Azərbaycanda daha çox ekstensiv yolla inkişaf edir. Yəni, bu gün Azərbaycana müasir reklam avadanlıqları gətirilir, yeni xidmətlər təklif olunur, lakin mütəxəssislərin professional səviyyəsinə diqqət yetirən azdır.

Bunu görmək üçün, televiziya kanallarında nümayiş olunan reklam çarxları, küçələrdə quraşdırılmış reklam sahələrindəki posterləri, radiolarda yayımlanan reklam mətnlərini nəzərdən keçirmək kifayətdir. Əksəriyyəti, sırf texnoloji baxımdan nə qədər mükəmməl olsalar belə, kreativlik baxımdan o qədər də primitivdirlər.

Qərbdə reklam mətnləri və ideyaları üzərində xüsusi yaradıcı qruplar çalışırsa, bizim reklamlara baxdıqda görmək olar ki, bu ideyanın müəllifi bir nəfərdir və mətni elə ayaqüstü yazıb təqdim edib. Televiziya kanallarındakı zövqsüz verilişlərə və zövqzsüz reklamlara artıq hamı alışıb. Professional çatışmazlığı var. Türkiyənin reklam bazarına diqqət yetirək. Onların reklamlarındakı kreativliyi görürsünüzmü? Bu bir günün işi deyil. Buna zaman lazımdır. Reklam sahəsində çalışanlar öz əməkdaşlarının professional inkişafına ciddi diqqət yetirməlidirlər.

Vəli Əlibəyov: “Pul qazanmaq üçün cəmiyyətdəki dəyərlərə zərər vermək doğru deyil”.

– Reklam bazarından söz düşmüşkən, Azərbaycanda reklam bazarını gəlirli sahə hesab eləmək olar?

– Reklam bazarı bütün dünyada gəlirli sahə hesab olunur. Nə qədər ki, bazar iqtisadiyyatı, azad rəqabət var, orada reklama böyük ehtiyac duyulacaq. Necə deyərlər, “reklam ticarətin mühərrikidir”.

– Azərbaycanda marketinq sahəsi üzrə peşəkarların ixtisasları üzrə təbəqələşməsinin yaranması üçün hansı addımların atılmasına ehtiyac var?

– Təcrübə göstərir ki, direktiv yollarla nəyinsə inkişafına nail olmaq mümkünsüzdür. Dövlət hansısa sərəncamla hansısa sahənin göz qırpımında inkişaf etməsinə nail ola bilməz. Dövlət, qanunverici bazanı mükəmməl etməklə, bu və ya başqa sahənin inkişafı üçün şərait yarada bilər. Yerdə qalanları isə inkişaf etdikcə öz yerini tutar. Marketinq ixtisasları arasında təbəqələşmə də marketinq sahəsinin inkişafı ilə baş tutacaq. Necə ki, ilk həkimlər bütün xəstəlikləri müalicə etməyi çalışırdılar, yeni yaranan bazar iqtisadiyyatlı ölkələrdə də marketinq mütəxissisləri hər növ problemin həllinə can atırlar. İnkişaf etdikcə isə, xidmət, təhsil, qeyri-kommerisya və s. bu kimi sahələrdə ixtisaslaşmış marketoloqlara da rast gələcəyik.

 

Gülşən ŞƏRİF

pia.az